“sirin.az” xəbər verir ki, rayonun Şurabad kənd sakini 1986-cı il təvəllüdlü Murad Oruc oğlu Əsədovun səhhəti pisləşib.
M.Əsədov yaxınları tərəfindən Bərdə Diaqnostika Mərkəzinə aparılarkən yolda dünyasını dəyişib.
Yaxınlarının verdiyi məlumata görə, Murad Əsədov 2-3 gün öncə göbələk yeyəndən sonra onda ağrılar başlayıb. Daha sonra görməsi pisləşib və ayaqlarında problem yaranıb.
Faktla bağlı araşdırma aparılır.
***
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, baş verən hadisə ilə bağlı yayılan məlumatlar müvafiq qaydada araşdırılıb:
“Hadisənin qida zəhərlənməsi ilə heç bir əlaqəsinin olmadığı müəyyənləşib. Həmçinin Ağdam rayon mərkəzi xəstəxanası tərəfindən qoyulmuş ilkin diaqnoza əsasən həmin şəxsin ölüm səbəbi kimi ürək ve ağciyər çatışmazlığı göstərilir. Bu istiqamətdə aidiyyəti qurumlar tərəfindən araşdırmalar davam etdirilir. Nəzərə alınmalıdır ki, bu cür hallarda rəsmi qurumla dəqiqləşdirilmədən məlumatların yayılması yolverilməzdir”.
***
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumatına görə, 28 may, saat 15:15 radələrində 1 nəfər (kişi) Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib.
“Ona ilkin olaraq dəqiqləşdirilməmiş ağciyər və ürək çatışmazlığı diaqnozu təyin edilib. Zəruri tibbi müdaxilələrə və reanimasiya tədbirlərinə baxmayaraq, saat 15:30 radələrində şəxsin ölüm faktı qeydə alınıb. Meyit təşrih olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağdam rayon şöbəsinə təhvil verilib”.
Ziya Əmirxanlı