“sirin.az” xəbər verir ki, bu sözləri Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasında çıxış edən Prezident İlham Əliyev deyib.
“Bu gün yeni mərhələ başlayır, hətta deyərdim ki, yeni dövr başlayıb - Azərbaycan ilə Ermənistan arasında sülh dövrü. Son hərbi toqquşmalardan cəmi iki il keçməmiş sülh sazişinin paraflanması hər iki ölkənin kifayət qədər yüksək səviyyədə siyasi iradə nümayiş etdirməsindən xəbər verir”, - dövlət başçısı qeyd edib.
İlham Əliyevin sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normalaşdırılmasındakı rolu ən yüksək qiymətə layiqdir.
***
Dövlət başçısı qeyd edib ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb.
“Onu da qeyd etməliyəm ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb və ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub. Zənnimcə, bu, həm də Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir”, - İlham Əliyev qeyd edib.