Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Azərbaycandan Ukraynaya 2 milyon dollarlıq yardım - Prezident imzaladı
 
						Azərbaycandan Ukraynaya 2 milyon dollarlıq yardım 
							 - Prezident imzaladı
Əlavə olunub: 08.11.2025 | 11:28 | Baxılıb: 3468
Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə Azərbaycan Energetika Nazirliyinə vəsait ayrılacaq.

“sirin.az” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncamda qeyd edilib ki, Azərbaycan Respublikası humanizm prinsiplərinə söykənərək, ikitərəfli və çoxtərəfli əsasda dünyanın bir çox ölkəsinə humanitar yardım göstərir. Son illərdə Ukraynada yaranmış vəziyyətlə əlaqədar Azərbaycan dövləti tərəfindən Ukrayna xalqına da bir neçə dəfə humanitar yardım göndərilmişdir. Azərbaycan Respublikası ilə Ukrayna arasında münasibətlər dostluq və tərəfdaşlıq zəminində müvafiq ikitərəfli sənədlər, o cümlədən 2000-ci il 16 mart tarixli “Azərbaycan Respublikası və Ukrayna arasında dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında Müqavilə”, 2008-ci il 22 may tarixli “Azərbaycan Respublikası və Ukrayna arasında dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannamə” və 2022-ci il 14 yanvar tarixli “Azərbaycan Respublikası Prezidentinin və Ukrayna Prezidentinin Birgə Bəyannaməsi” əsasında inkişaf edir.

Sərəncama əsasən, Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Energetika Nazirliyinə 2,0 (iki) milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayrılacaq.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək. Nazirlər Kabineti isə bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.