Bununla bağlı “sirin.az”ya sakinlərdən biri müraciət edib.
Vətəndaşın sözlərinə görə, “Çermet” körpüsündən Heydər Əliyev prospektinə gedən yolda əl yazısı ilə “Yol bağlıdır” lövhəsi qoyulub.
“Əl yazısı uzaqdan görünmür və sürücüləri çaşdırır. Bu, dövlət qurumlarının öz işlərinə qeyri-ciddi yanaşmasını göstərir. Əgər yolda hər hansı təhlükə varsa, onunla bağlı əvvəlcədən nişan qoyulmalı, qaydalara uyğun formada xəbərdarlıq edilməlidir”, - şikayətçi qeyd edib.
Problemlə bağlı dövlət qurumlarına müraciət etsək də, lövhənin hansı qurum tərəfindən qoyulduğunu müəyyən etmək mümkün olmadı.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən sorğumuza cavab olaraq bildirildi ki, qurum həmin ərazidə hər hansı iş aparmır və ya yola nişan quraşdırmayıb.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti də sözügedən ünvanda iş aparmadığını açıqladı: “Qeyd olunan ərazidə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən heç bir iş görülmür. Oradakı xəbərdaredici nişan da Xidmətə aid deyil”.
***
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin hərəkətin təhlükəsizliyinin təbliği bölməsindən bildirilib ki, sözügedən lövhə ərazidə aparılan tikinti səbəbindən sakinlərin təşəbbüsü ilə quraşdırılıb. Qeyd olunan yolun digər alternativ yol qovşağına çıxışı olmadığından həmin əraziyə daxil olan nəqliyyat vasitələri geri dönməyə məcbur qalır, bu isə hərəkətə çətinlik yaradır.
“Məsələ ilə bağlı polis əməkdaşları tərəfindən aidiyyəti qurumlar məlumatlandırılıb və ərazidə nəqliyyat axınının tənzimlənməsi üçün müvafiq tədbirlərin görülməsi təmin olunur”, - açıqlamada vurğulanıb.
Gülnar Əliyeva