Nazirlər Kabinetinin (NK) Mətbuat xidmətindən “sirin.az”ya verilən məlumata görə, görüşdə birgə Dövlət Komissiyasının sonuncu iclasının nəticəsi olaraq imzalanmış Anlaşma Memorandumundan irəli gələn məsələlərin icrası və həyata keçirilən birgə layihələrin mövcud vəziyyəti nəzərdən keçirilib.
İqtisadiyyat, nəqliyyat, gömrük, sərhəd, neft, qaz, ticarət, investisiya və humanitar sahələrdə əməkdaşlığın hazırkı durumu və daha da genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.
Görüşdə həmçinin, Araz dəhlizi üzrə Ağbənd-Kəlalə körpüsünün tikintisinin, Kəlalə-Culfa yolunun genişləndirilməsinin icra vəziyyəti ilə bağlı məlumat verilib, Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq Bakı-Tehran-Bakı, Bakı-Təbriz-Bakı birbaşa təyyarə reyslərinin fəaliyyətə başlamasından məmnunluq ifadə olunub və reyslərin sayının artırılması, tranzit daşımalarda mövcüd məsələlərin həlli ilə bağlı fikir mübadiləsi aparılıb.
Baş nazirin müavini Şahin Mustafayev Tehrana səfəri çərçivəsində həmçinin, İran İslam Respublikasının energetika naziri Abbas Əliabadi ilə də görüşüb, iki ölkə arasında həyata keçirilən Xudafərin - Qız Qalası, Ordubad - Marazad layihələrinə dair, həmçinin, elektrik enerjisi mübadiləsi, su ehtiyyatlarının birgə səmərəli işlənməsi ətrafında müzakirələr aparıb.