Bu gün Xocalı soyqırımının səhəridir.
Həmin səhər Xocalının meyiti Ağdama sürüdüldü... Xocalının tikə-parça olmuş bədəni Ağdam məscidlərində yuyulurdu. Həmin gün Ağdam məscidlərinə meyit, Ağdam evlərinə qrad “qonaq” idi.
Ağdam məscidinə gətirilən uşaqlardan birinin nəfəsi üstündə imiş. Xanəndə Qədir Rüstəmov uşağı məsciddən götürüb xəstəxanaya aparır. Xəstəxanada isə deyirlər ki, uşaq donub, damarına dərman yerimir. Sonra uşağın öldüyünü görüb qaytarırlar Qədirə ki, məscidə aparsın. Məsciddə uşağı isti suda yuyarkən ayılır və yaşayır. Sonradan onun adını Qədir qoyurlar. Qədir yaşayır və qırılan soyunu yenidən yaradır...
Bu gün Xocalı soyqırımının sabahıdır. Xocalının sabahında Ağdam hədəfdə idi və həmin sabah böyük bir mina partladı... Bütün yaranmaqda olan gözəllik göz önündə darmadağın oldu – Qədir Rüstəmovun hovuzundakı qırmızı balıqlar da, Şahmalı Kürdoğlunun həyətində 8 yaşlı oğlu ilə yediyi para nar da, Allahverdi Bağırovun meşə rəngli hərbi uniforması da, Xudu Məmmədovun uşaqlıqda yarpaqlarından barama bəslədiyi gər ağacları da, Əfətli kəndindən tapılmış 7 min il əvvələ aid kəllə sümüyünün boşluğu da... Sülhün nicat yerini, göyərçin yuvalı ağ damları göyə sovurdular. Ağdamın əlaməti qalmadı...
Sonra... Bir qərinə maşın alveri ilə qiyaslanan şəhərim. Bir qərinə baharı bayquşlarla qarşılayan yurdum...
Qarabağ yenicə işğaldan azad olunmuşdu, mətbuatda bir xəbər gözə dəydi:
“Ağdamda zəlzələ oldu”.
Bir anlıq gözümün önünə Ağdam gəldi. Daşı daş üstündə qalmayan Ağdam. Zəlzələ Ağdama neyləyə bilər? Gəl, fələk, birini də sən vur! Gör, erməni daha zalımdır, yoxsa sən. Gör, erməninin əlindən artıq nəsə qalıbmı yıxmalı!? Gör, nəyi yıxa bilərsən?
Böyrü üstə də çox şəhərlərdən uca görünən Ağdam!
Artıq bundan sonra Ağdama kim neyləyə bilərdi?
Dünyanın ən zalım qüvvəsi də həmin Ağdama heç nə edə bilməzdi.
Xocalı soyqırımının 33-cü ildönümündə Ağdamı bu qədər dərindən düşünmək ona görədir ki, Ağdam Xocalının yuyat yeri olub. Xocalının meyiti Ağdamda yuyulub, Ağdamda dəfn olunub.
Xocalıda xocalıları soyqırımına məruz qoydular, Ağdamda ağ damların, şəhərin soyunu qırdılar. İnsanın ucaltdığı hər şeyi yerlə-yeksan etdilər.
Bu sual həmin an yaranmışdı: “Bundan sonra belə şəhərə kim neyləyə bilər?”
O yerdə ki sevgi var, bütün sualların cavabı tapılır. Bütün qaranlıqların bağrına işıq saplanır. “Belə şəhərə kim neyləyə bilər” sualının cavabı da bu sevgi ilə açılır.
Bu gün Ağdamda yeni Ağdam tikilir. Bu şəhərə nəsə edən qüdrət tapıldı. Erməninin vandallığından da, fələyin zülmündən də ulu qüvvət! Mədəniyyət! Sevgi!
Xankəndidə Zəfər parkının təməlinə atılan betonu zədələyə biləcək hər hansı qüvvə artıq yoxdur. Azərbaycan səmaları tər-təmizdir. Yeni Azərbaycanın bu əngin, sadə səması bizim mürəkkəbimizi gözləyir. Kimin sevgisi bu səmaya toxunmağa çatırsa, bu lələk buludlar da onun misralarını yazacaq göylərə - ölkəmizin alnına!
Bu gün Ağdamda artıq dam var. O damın altında elə bul il göyərçinlər yuva quracaq. Elə bu yaz Ağdamda sülhün yeni balaları Qarabağ səmalarında qanad çalacaq.
Sərdar Amin
Xüsusi olaraq “sirin.az” üçün