Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Daşkənddəki konfransa Sahibə Qafarova sədrlik etdi - Fotolar
 
						Daşkənddəki konfransa Sahibə Qafarova sədrlik etdi 
							 - Fotolar
Əlavə olunub: 04.07.2025 | 10:36 | Baxılıb: 952
Özbəkistanın paytaxtı Daşkənd şəhərində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin dördüncü konfransı keçirilib.

“sirin.az” xəbər verir ki, “Bandunq Ruhunun 70 İlliyinin qeyd olunması: Bandunq prinsiplərinin dəstəklənməsində parlamentlərin rolu” mövzusuna həsr olunmuş konfransa Milli Məclisin və Parlament Şəbəkəsinin sədri Sahibə Qafarova sədrlik edib.

Azərbaycan parlamentinin spikeri Sahibə Qafarova tədbirin açılışındakı çıxışında bu tədbirin təşkilində göstərdikləri həmrəylik və dəstəyə görə Parlamentlərarası İttifaqın prezidenti Tulia Aksona, təşkilatın baş katibi Martin Çunqonqa və Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayevaya təşəkkürünü bildirib.

Milli Məclisin sədri bildirib ki, ölkələrimiz Qoşulmama Hərəkatının işinə cəlb olunmaqla bu prinsipləri mənimsəməkdə və onlara sadiq qalmaqda əzmkar olublar. Digər tərəfdən, parlamentlərimiz Bandunq prinsiplərində təsbit olunmuş idealların və məqsədlərin həyata keçirilməsində mühüm rol oynamaq arzusu ilə çıxış ediblər. Bu yanaşma təkcə bu prinsiplərin irəliləyişində hökumətlərimizə dəstək verməyə hazır olduğumuzu deyil, həm də sülh, ədalət və davamlı inkişaf naminə parlamentlərarası əməkdaşlığın potensialına möhkəm inamı göstərir. Bu mənada, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi bizim ümumi baxışımızı əks etdirir.

Milli Məclisin sədri deyib ki, hazırda Parlament Şəbəkəsi 6 təşkilatda müşahidəçi statusuna malikdir, 7 təşkilat isə Şəbəkədə müşahidəçi statusu alıb. Həmçinin 7 təşkilatla Anlaşma Memorandumu imzalamaqla, Şəbəkə beynəlxalq əməkdaşlıqda iştirakını daha da genişləndirib.

Çıxışının sonunda Milli Məclisin sədri qeyd edib ki, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsini daha da inkişaf etdirmək və əməkdaşlığımızı dərinləşdirmək üçün yaxşı imkanlar var. O, üzv parlamentləri bu prosesdə fəal iştirak etməyə və ümumi məqsədlərin təşviqi istiqamətində birgə işi davam etdirməyə çağırıb.

Sonra konfransın gündəliyində duran bir sıra təşkilati məsələlərə baxılıb. Milli Məclisin sədri Sahibə Qafarovanın Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə sədrliyinin növbəti 3 illik dövr üçün yenilənməsi, həmçinin sədr müavinlərinin də səlahiyyət müddətinin növbəti dövr üçün artırılmasına dair qərar qəbul olunub. Bu qərar layihəsinin müzakirəsi zamanı Qoşulmama Hərəkatına üzv dövlətlərin parlamentlərinin böyük əksəriyyəti sədr və müavinlərin səlahiyyət müddətlərinin yenilənməsi məsələsinə dəstək göstəriblər.

Konfransda, həmçinin Şəbəkəyə üzv parlamentlərin yekdil mövqeyini ifadə edən və bir sıra mühüm müddəaların əks olunduğu Daşkənd Bəyannaməsi qəbul olunub. 




Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.