
“sirin.az” “Science and Technology Daily”yə istinadən xəbər verir ki, Şanxay–Çinqdu yüksək sürətli xətti üzərində keçirilən sınaqlar zamanı iki CR450 seriyalı qatar yan-yana keçərək ümumilikdə 896 km/saat sürət əldə edib.
Bu, dünyada iki yüksək sürətli qatarın eyni anda belə bir sürətə çatdığı ilk hadisə kimi qeydə alınıb.
Hər iki qatardan biri təkbaşına 0-dan 350 km/saat sürətə 4 dəqiqə 40 saniyəyə çataraq maksimal 453 km/saat sürət göstəricisi nümayiş etdirib.
“Fuşing” seriyasının yeni nəsil modeli olan CR450 qatarlarının 2026-cı ildə kommersiya istifadəsinə verilməsi planlaşdırılır. Onun maksimal texniki sürəti 450 km/saat, əməliyyat (kommersiya) sürəti isə 400 km/saat olacaq.
Hazırda bu modelin real xəttlər üzərində 600.000 km-lik sınaq yürüşlərini uğurla başa vurması gözlənilir. Artıq 2023-cü ildə, Fujian əyalətindəki Meykou Körfəz Körpüsündə aparılan ilkin sınaqlarda CR450 453 km/saat sürətə çatmağı bacarmışdı.
Yeni qatarın istismara verilməsi ilə hazırda 4 saatdan çox vaxt alan Pekin–Şanxay marşrutu 2,5 saata qədər enəcək. Bu, təkcə vaxt baxımından deyil, həm də enerji səmərəliliyi və sərnişin rahatlığı baxımından böyük irəliləyiş sayılır.
Çin hazırda 50.000 km-ə yaxın yüksək sürətli dəmir yolu şəbəkəsinə malikdir ki, bu da dünyadakı ümumi şəbəkənin 70 faizini təşkil edir. Ölkə 2030-cu ilə qədər bu şəbəkəni 60.000 km-ə çatdırmağı qarşısına məqsəd qoyub.
Bu infrastruktur genişlənməsi yalnız nəqliyyat sahəsində deyil, həm də Çinin texnoloji üstünlüyünü və innovasiya potensialını nümayiş etdirən strateji addım kimi qiymətləndirilir.