Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Gürcüstanda “xarici agentlər” barədə daha bir qanun qüvvəyə mindi
 
						Gürcüstanda “xarici agentlər” barədə daha bir qanun qüvvəyə mindi
Əlavə olunub: 05.31.2025 | 12:15 | Baxılıb: 757
Gürcüstanda “Xarici agentlərin qeydiyyata alınması barədə Akt” bu gündən qüvvəyə minib. 

“sirin.az” xəbər verir ki, sözügedən qanun ABŞ-də qüvvədə olan “FARA” (Foreign Agents Registration Act) qanununun analoqu hesab olunur. 

Gürcüstan parlamenti həmin qanunu cari il aprelin 1-də üçüncü və yekun oxunuşda qəbul etmişdi. “Xarici agentlərin qeydiyyata alınması barədə Akt” ötən il qəbul edilən “Xarici təsirin şəffaflığı barədə” Qanundan fərqli olaraq 5 il müddətinə həbs cəzasını nəzərdə tutur və həm təşkilat, həm də fiziki şəxslərə şamil edilir.  

Daha dəqiq desək, “Xarici agentlərin qeydiyyata alınması barədə Akt” Gürcüstan Ədliyyə Nazirliyinin reyestrində qeydiyyata düşməkdən yayınan və xaricdən maliyyə yardımı alan hüquqi və fiziki şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutur. Belə ki, qanuna əsasən, fiziki şəxs, yaxud təşkilatın Gürcüstanda fəaliyyəti xaricdən maliyyələşərsə və xarici dövlətin maraqlarına xidmət edərsə, “xarici agent” hesab ediləcək. Qanun əsas olaraq, kütləvi informasiya vasitələrinə şamil olunacaq və onun icrasına ölkənin Korrupsiya əleyhinə Bürosu nəzarət edəcək.

Qanunun təşəbbüskarları, hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının nümayəndələrinin sözlərinə görə, ötən il qəbul edilən qanun lazımi qaydada yerinə yetirilməyib. Qeyd olunub ki, yeni qanun isə ölkədə sabitliyi pozmağa çalışan xarici dairələrdən maliyyələşən təşkilatlarla mübarizəni gücləndirmək məqsədi daşıyır. 

Onu da xatırladaq ki, Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” Qanun 2024-cü il avqustun 1-də qüvvəyə minib. Qanun xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarının və KİV-lərin xüsusi reyestrdə qeydiyyata alınmasını və illik bəyannamələrin doldurulmasını nəzərdə tutur. Layihənin parlamentdə müzakirəyə çıxarılması, daha sonra isə qəbulu ölkədə kütləvi etiraz aksiyalarına və etirazçılarla polis arasında qarşıdurmalara səbəb olmuşdu.

Günel İbrahimova

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.