Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.14.2025 | 10:28 | Baxılıb: 622
İsveçrənin paytaxt Bern şəhərində 8 Noyabr - Zəfər Gününə və dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan “Azadlıq yolu” (“Path of Liberty”) adlı tədbir keçirilib.

“sirin.az” xəbər verir ki, tədbirdə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iştirak edib.

F.Muradov çıxışında Prezident İlham Əliyevin rəhbərliyi dövründə diaspor siyasətinin yeni keyfiyyət mərhələsinə yüksəldiyini qeyd edib, Birinci vitse-prezident Mehriban Əliyevanın milli-mədəni dəyərlərimizin beynəlxalq aləmdə təbliğinə verdiyi mühüm töhfələri xatırladıb.

Komitə sədri dünya azərbaycanlılarının şanlı zəfərimizin beşilliyini böyük coşqu ilə qeyd etdiklərini, Azərbaycanın zəngin mədəni irsinin beynəlxalq miqyasda tanıdılması üçün uğurlu layihələr həyata keçirdiklərini diqqətə çatdırıb. Bildirib ki, mədəni diplomatiya dövlətlər arasında etimadın möhkəmlənməsinə, qarşılıqlı anlayışın dərinləşməsinə və dayanıqlı dostluq münasibətlərinin formalaşmasına mühüm təsir göstərir və xaricdəki Azərbaycan icmaları bütün fəaliyyətlərində bu amilə üstünlük verirlər.

Azərbaycanın İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı fövqəladə və səlahiyyətli səfiri Fuad İsgəndərov Azərbaycanın beynəlxalq imicinin möhkəmlənməsində və xalqımızın humanitar dəyərlərinin tanıdılmasında diasporun əvəzsiz roluna diqqət çəkib, mədəni tədbirlərin ölkəmizin təbliğinə böyük töhfələr verdiyini bildirib.

Tədbir bədii hissə ilə davam edib.

Bədii hissədə Üzeyir Hacıbəylinin “Aşıqsayağı”, “Arazbarı”, “Sənsiz” və “Sevgili canan” əsərləri, Elmir Mirzəyevin Xocalı soyqırımına həsr etdiyi “İthaf” əsəri, Almaniyada fəaliyyət göstərən soprano Mara Hüseynova, “Berner Klaviertrio” musiqi qrupunun üzvləri - skripkaçı Roman Filipov, violonçel ifaçısı Pierre Deppe və pianoçu İqor Andreevin çıxışları, Qarabağ Universitetinin dekanı, bəstəkar Türkər Qasımzadənin bəstələri yer alıb. Səsləndirilən əsərlər tamaşaçıların sürəkli alqışları ilə qarşılanıb.

Qeyd edək ki, tədbir Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi, komitənin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondu, Azərbaycanın İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı Səfirliyinin dəstəyi, İsveçrədə fəaliyyət göstərən Xəzər-Alp Cəmiyyətinin (Caspian-Alpine Society) təşkilatçılığı ilə baş tutub.









Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.