“sirin.az” xəbər verir ki, bu barədə sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsində dövlət ittihamçısı Vüsal Abdullayev ittiham aktını elan edən zaman danışıb.
O bildirib ki, Sahakyan Bako Sahaki həmin tarixdə Xankəndi şəhəri ərazisində tərksilah edilməklə saxlanılıb və yaşadığı fərdi yaşayış evində axtarış keçirilən zaman oradan qəlpəli “Ф-1” əl qumbarasının 14 ədəd gövdə hissəsi, atəşə yararlı 2 min 611 ədəd patron və digər silah və döyüş sursatı aşkar edilərək götürülüb:
“İşxanyan Davit Rubeni həmin tarixdə Xankəndi şəhəri ərazisində tərksilah edilməklə saxlanılıb və qanunsuz sahibləndiyi, Xankəndi şəhəri ərazisində yerləşən mehmanxanada axtarış keçirilən zaman oradan “AK-74, “AKS-74”, “AKS-74U” və sair konstruksiyalı avtomatik silahlarda istifadə edilmək üçün nəzərdə tutulan 481 ədəd patron və həmin avtomatik silahların komplekt hissəsi olan 4 ədəd sandıqça aşkar edilərək götürülüb”
Dövlət ittihamçısın sözlərinə görə, Manukyan Davit Azati 2023-cü il sentyabrın 27-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılıb və yaşadığı ünvanda axtarış keçirilən zaman oradan “AK-74” markalı avtomat silahların komplekt hissəsi olan 3 ədəd sandıqça, “CZ 75 Compact” modelli 1 ədəd tapança və digər silah və döyüş sursatı aşkar edilərək götürülüb:
“Babayan Davit Klimi 2023-cü il sentyabrın 28-də Xankəndi şəhər ərazisində, Mnatsakanyan Lyova Henrixi 2023-cü il sentyabrın 29-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Laçın sərhəd-buraxılış məntəqəsində, Qukasyan Arkadi Arşaviri 2023-cü il oktyabrın 3-də Xankəndi şəhər ərazisində tərksilah edilməklə saxlanılıblar”.
Həmçinin Paşayan Melikset Vladimiri, Martirosyan Qarik Qriqori, Stepanyan Qurqen Homerosi və Allahverdiyan Davit Nelsoni 2023-cü il sentyabrın 20-də Xocalı rayonunun Dağdağan kəndi ərazisində, Babayan Madat Arakeli 2023-cü il sentyabrın 20-də Ağdərə rayonun Qozlukörpü kəndi ərazisində, Balayan Levon Romiki 2023-cü il sentyabrın 20-də Şuşa şəhəri ərazisi yaxınlığında, Beqlaryan Vasili İvani 2023-cü il sentyabrın 26-da Kəlbəcər rayonu ərazisində, Qazaryan Erik Roberti 2023-cü il sentyabrın 27-də Ağdərə rayonun Həsənriz kəndi ərazisində tərksilah edilməklə saxlanılıb və üzlərində çoxlu sayda silah, onun komplekt hissələri və döyüş sursatı, o cümlədən piyada əleyhinə minalar aşkar edilərək götürülüb.