Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.12.2025 | 17:58 | Baxılıb: 868
Bu gün “Gülüstan” sarayında Azərbaycan Prezidentinin Administrasiyasının dəstəyi və Konstitusiya Məhkəməsinin təşkilatçılığı ilə “Konstitusiya və qanunun aliliyi müasir hüquq sistemlərində” mövzusunda beynəlxalq konfrans keçirilib. 

“sirin.az” xəbər verir ki, tədbirin açılışında Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətini səsləndirib. 

F.Abdullayev qeyd edib ki, Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri olan Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısında ən mühüm xidmətlərindən biri ölkənin Əsas Qanununun qəbulu ilə bağlıdır. Məhz onun rəhbərliyi ilə 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyasının layihəsi hazırlanaraq noyabrın 12-də keçirilən ümumxalq səsverməsi – referendum yolu ilə qəbul olunub. Bu tarixi hadisə ilə respublikamızın demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun mühüm mərhələsi başlayıb.

Vurğulanıb ki, geridə qalan üç onillik ərzində Azərbaycan Konstitusiyası dövlət hakimiyyəti sistemini müəyyənləşdirən, siyasi strategiyaları və normativ əsasları tənzimləyən, həmçinin vətəndaşların hüquq və azadlıqlarını təsbit edən əsas hüquqi sənədə çevrilib. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş prinsiplər keçmişlə gələcəyin harmonik ifadəsidir.

“Yubileyini qeyd etdiyimiz Konstitusiya hər birimizin sərvətidir. Zaman ötür, nəsillər dəyişir, Konstitusiya isə alidir, dayanıqlıdır. Zamanla Əsas Qanunda müəyyən dəyişikliklər edilir, amma Konstitusiya ilə təsbit edilmiş əsas dəyərlər, prinsiplər, Konstitusiyanın fəlsəfəsi dəyişmir. Bizim vəzifəmiz bu dəyərlərdən ruhlanaraq qanunvericiliyi yeni çağırışlara cavab verə biləcək şəkildə inkişaf etdirməkdir” - deyə F.Abdullayev vurğulayıb. 

Azərbaycanın dövlət müstəqilliyinin bərpası, demokratik dövlət kimi formalaşması və inkişafı görkəmli ictimai-siyasi və dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti və tarixi xidmətləri ilə bağlı olduğunu deyən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bildirib ki, ölkəmizin ali qanununun ən böyük fəsli məhz insan hüquq və azadlıqlarına həsr olunub.

Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət, habelə həyata keçirilən ardıcıl islahatlar və qəbul edilən mühüm qərarlar müstəqil dövlətçilik tariximizin yeni mərhələsinin əsasını qoyub.

Konfransın sonunda Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev yekun nitqi ilə çıxış edib.





Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.