
“sirin.az” xəbər verir ki, bunu “Armenpress”ə müsahibəsində Ermənistan xarici işlər naziri Ararat Mirzoyan türkiyəli həmkarı Hakan Fidanın açıqlamasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, həm Türkiyə ilə diplomatik münasibətlərin qurulması və sərhədin açılması, həm də Azərbaycanla əldə olunmuş sülhün institusionallaşdırılması Ermənistan üçün vacib əhəmiyyət kəsb edir:
“Eyni zamanda, bu iki prosesdən heç biri digərindən asılı deyil və əgər onlar arasında səbəb-nəticə əlaqəsini görməyə çalışsaq, bəlkə də məlum olar ki, Türkiyə ilə münasibətlərin tam nizamlanması Ermənistan və Azərbaycan arasında normallaşma prosesinə mənfi deyil, əksinə - müsbət təsir göstərə bilər”.
Nəqliyyat kommunikasiyalarının açılmasına gəlincə, erməni nazir bildirib ki, avqustun 8-də Vaşinqtonda keçirilən görüşdə bu prosesin əsas prinsipləri - ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, suverenlik, yurisdiksiya və qarşılıqlılıq razılaşdırılıb.
O, həmçinin ölkəsinin “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsində maraqlı olduğunu və onun tezliklə reallaşdırılması üçün səy göstərəcəyini söyləyib.
Xatırladaq ki, ötən gün Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə Böyük Millət Məclisində (TBMM) millət vəkillərinin suallarını cavablandırarkən, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra İrəvanla münasibətləri normallaşdırmağa hazır olduqlarını söyləmişdi:
“Biz hazırda münasibətləri normallaşdırsaq, Ermənistanın əlindən Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün lazım olan ən böyük səbəbi almış olacağıq. Buna görə də, bölgədə dondurulmuş münaqişə ilə qarşılaşmaq ehtimalımız var. Biz bunu istəmirik”.