Layihə rəhbəri Şahin Sərdarlı “sirin.az”ya bildirib ki, platforma vasitəsilə təlimçilər və müəssisələr qeydiyyatdan keçərək QR kodlu yeni sertifikatlar yarada, istifadəçilər isə əvvəlki illərdə əldə etdikləri sənədləri sistemə əlavə edə bilərlər.
Platformanın əsas məqsədi — sertifikatların şəffaf şəkildə yoxlanmasını təmin etmək, saxta sənədlərin qarşısını almaq və ənənəvi kağız daşıyıcıların rəqəmsal formatla əvəz olunmasına şərait yaratmaqdır.
İstifadəçilər cəmi bir neçə saniyə ərzində Sertifikat ID-si və ya şəxsiyyət vəsiqəsinin FİN kodu vasitəsilə təqdim olunmuş istənilən sənədin etibarlılığını sistem üzərindən yoxlaya bilirlər. Platforma həm təhsil müəssisələri, həm işəgötürənlər, həm də fərdi şəxslər üçün əlçatan və istifadəsi asan doğrulama vasitəsidir.
e-sertifikat.az müasir texnologiyalara, xüsusilə blockchain texnologiyasına əsaslanaraq fəaliyyət göstərir və sənədlərin təhlükəsizliyini yüksək səviyyədə təmin edir.
Platforma müxtəlif təlim mərkəzləri, müəssisə və təşkilatlarla əməkdaşlıq edərək, vahid və standartlaşdırılmış sertifikat ekosisteminin formalaşdırılmasını hədəfləyir.