Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Şanlı Zəfərə aparan yolun başlanğıcı - Aprel döyüşləri
 
						Şanlı Zəfərə aparan yolun başlanğıcı 
							 - Aprel döyüşləri
Əlavə olunub: 04.06.2025 | 11:25 | Baxılıb: 2625
Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərindən 9 il ötür. 2016-cı il aprelin 2-də Ordumuz düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2 min hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə 23 ildən sonra xalqımıza ilk böyük qələbə sevinci bəxş etdi. Doqquz il əvvəl baş verən müharibə ordumuzun qüdrətini, gücünü bütün dünyaya göstərməklə yanaşı həm də “güclü Ermənistan ordusu” mifini darmadağın etdi, dünya erməniliyini pərişan duruma saldı, məyusluğa uğratdı. Xalqımız ordumuzun gücünə bir daha inandı və onunla qürur duydu.

Prezident, Ali Baş Komandan İlham Əliyevin Aprel döyüşlərinin ildönümü ilə əlaqədar bir qrup hərbçi ilə görüşündə dediyi sözlər həmin Qələbənin strateji əhəmiyyətini tam dəqiqliyi ilə ifadə edir:

“Aprel döyüşləri, eyni zamanda, ordumuzun peşəkarlığını göstərmişdir. Ordumuz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı apararaq strateji mövqelərə sahib oldu. Bu gün bu strateji yüksəkliklər, mövqelər, işğaldan azad edilmiş ərazilər bizə imkan verir ki, təmas xəttində mövcud olan vəziyyətə tam nəzarət edək və istədiyimiz tədbiri görə bilək”.

Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi. Tarixə “Dördgünlük müharibə” adı ilə düşən aprel döyüşləri hər bir Azərbaycan vətəndaşının hərbi vətənpərvərlik ruhunu daha da yüksəltdi.

Aprel döyüşlərində qazanılan qələbə xalqımızın orduya olan inamını artırdı. Son döyüşlər ordumuzun necə böyük bir potensiala malik olduğunu bir daha göstərdi. Azərbaycan Ordusu uğurlu Aprel döyüşlərindən ruhlanaraq iki il sonra daha bir böyük Zəfərə imza atdı. 2018-ci ilin mayında Əlahiddə Ümumqoşun Ordu tərəfindən Naxçıvanın Günnüt kəndi və ətraf ərazilərin nəzarət altına alınması bir daha göstərdi ki, Silahlı Qüvvələrimiz qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirməyə qadirdir.

Bu uğurlu döyüşlər İkinci Qarabağ müharibəsində əsas zəfərə aparan yolun təməlini qoydu. Aprel döyüşlərindən dörd il sonra 44 günlük Vətən müharibəsi baş verdi və nəticədə torpaqlarımızın böyük hissəsi işğaldan azad olundu, 2023-cü ilin sentyabrında isə lokal antiterror tədbirləri zamanı ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olundu.

Doqquz il əvvəl Lələtəpədə ucaldılan üçrəngli Azərbaycan Bayrağı indi Qarabağın və Şərqi Zəngəzurun hər guşəsində - Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Ağdamda, Şuşada, Hadrutda, Laçında, Əsgəranda, Xocavənddə, Ağdərədə, Xocalıda və Xankəndidə dalğalanır.

Aprel döyüşlərindən başlanan, 44 günlük Vətən müharibəsi ilə tarixi qələbəyə çevrilən Zəfər salnaməsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilib.

Bütün ölkə ərazisində olduğu kimi Abşeron rayonunda da aprel döyüşləri şəhidlərinin əziz xatirəsi hər zaman uca tutulur, onların ailələri daim diqqətdə saxlanılır.

Aprel Şəhidlərinin xatirəsini ehtiramla yad edir, onlara Allahdan rəhmət diləyirik.

Süleyman Cəfərov

“Xüsusi Təyinatlı Qüvvələrin şəhid ailələri və veteranları” İB-nin Abşeron rayon sədri

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.