“sirin.az” xəbər verir ki, tədbirdə Şəhid ailələri, qazilər, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, din xadimləri, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak ediblər.
Mərasim iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət edib, önünə tər gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar. İştirakçılar daha sonra Quzanlı qəsəbəsində yerləşən Şəhidlər xiyabanını ziyarət edib, məzarlar üzərinə gül dəstələri düzərək ehtiramlarını bildiriblər.
Şəhidlər Abidə Kompleksində davam edən anım mərasimində ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasimdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov 27 sentyabr 2020-ci il tarixdə Ermənistanın cəbhə boyu genişmiqyaslı təxribatına əks-cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusunun düşmənə layiqli cavab verərək tarixi ədaləti bərpa etməsindən, 44 günlük Vətən Müharibəsində xalqımızın Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin ətrafında sıx birləşərək tarixi Zəfərə imza atmasından, 19-20 sentyabr 2023-cü il tarixində Azərbaycan ordusunun həyata keçirdiyi 24 saatlıq lokal antiterror tədbirləri nəticəsində Qarabağda yerləşən qeyri-qanuni erməni hərbi birləşmələrinin tərkisilah edilməsindən bəhs edib.
Sonra tədbir iştirakçıları Şəhidlər Abidə Kompleksində Birinci Qarabağ Müharibəsi Şəhidlərinin xatirəsinə ucaldılmış lövhənin önünə gül dəstələri düzərək onları yad edib, ruhlarına dualar oxuyublar.
Eyni zamanda rayon ərazisində müxtəlif qəbiristanlıqlarda dəfn edilmiş şəhidlərin məzarları da ziyarət olunub.
Anım mərasimindən sonra RİH başçısı Vaqif Həsənov şəhid ailələri ilə birlikdə Quzanlı qəsəbəsində Rayon İcra Hakimiyyəti tərəfindən şəhidlərin xatirəsinə inşa edilmiş mərasim evində yaradılmış şəraitlə tanış olub, ehsan süfrəsində iştirak edib. Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Saat 12:00-da Respublikanın hər yerində olduğu kimi, Ağdam rayonunda da şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.