Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Taleh Qaraşov məhkəmənin çağırışına gəlmir
 
						Taleh Qaraşov məhkəmənin çağırışına gəlmir
Əlavə olunub: 03.04.2025 | 17:27 | Baxılıb: 4791
Ölkədə terror aktları planlaşdırmaqda ittiham olunan Bəhruz Əskərovun cinayət işi üzrə məhkəmə istintaqı tamamlanmaq üzrədir.

“sirin.az"in məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan işdə zərərçəkmiş şəxs ifadə verməyib. 

Həmin zərərçəkmiş isə Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovdur. İş materiallarında yazılır ki, təqsirləndirilən şəxs Qaraşova nifrət bəsləyib, bu səbəbdən onun həyatına sui-qəsd təşkil etmək istəyib.

Taleh Qaraşov istintaq zamanı dindirilsə də, məhkəməyə gəlmir.

İttiham tərəfi zərərçəkmişin əvvəlki ifadəsinin elan edilməsini təklif etsə də, müdafiə tərəfi bununla razılaşmır.

Müttəhim Əskərovun vəkili Qaraşovun məhkəmədə hakim qarşısına çıxmasında israrlıdır: “Biz bilmirik ki, zərərçəkmiş məhkəməyə niyə gəlmir. Ölkə xaricində deyil, xəstə deyil… Gəlsin, sözünü desin”.

Səbuhi Hüseynovun sədrlik etdiyi hakimlər müdafiə tərəfinin istəyi ilə Taleh Qaraşova bir daha çağırış mesajı göndəriləcəyini bəyan edib.

Növbəti iclas aprelin 1-nə təyin edilib.

Qeyd edək ki, B.Əskərov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 28,120.2.1, 28,120.2.10, 28,120.2.11, 28,120.2.12 (qabaqcadan əlbir olan bir qrup şəxs halında milli, irqi, dini ədavət və düşmənçilik zəminində təkrar adam öldürməyə hazırlıq), 28,214.2.1, 28,214.2.3 (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terror aktı törətməyə hazırlıq), 28,214-3.1 (terrorçuluqla əlaqədar təlim keçməyə hazırlıq), 28,277 (dövlət xadiminin həyatına sui qəsd etməyə hazırlıq) və 28,278.1-ci (dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hazırlıq hərəkətləri) maddələri ilə yekun ittiham elan edilib.

Bu maddələrin sanksiya həddi ömürlük azadlıqdan məhrumetməyə qədərdir.

Sail Ağasəlim

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.